”Bizim dost itirən vaxtımız deyil” | Dostluq haqqında şeir

Gəlin itirməyək dostları, qardaş,
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il-
Bizim dost itirən vaxtımız deyil!


Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyl-
Bizim dost itirən vaxtımız deyil!

Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb,kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil-
Bizim dost itirən vaxtımız deyil!

Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!

Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə çor dese, sən ona can de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!

Hafiz,dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil-
Bizim dost itirən vaxtımız deyil!

”Bizim dost itirən vaxtımız deyil”
Müəllif:  Hafiz Baxış

”Bizim dost itirən vaxtımız deyil” | Dostluq haqqında şeir dostluga aid
 

0 şərh